Qəzzada atəşkəs müqabilində Ərəb-İsrail barışığı

  • 03.05.2024
  • 66 baxış

Əgər İsrail Qəzzada atəşkəsə getsə o zaman Səudiyyə Ərəbistanı İsraillə normallama prosesini bərpa edə bilər. İsrail “Kanal-13” telekanalı və “Haaretz” qəzetinin iddiasına görə, belə bir təklifi ABŞ dövlət katibi İsrail rəsmilərinə çatdırıb. 

Qeyd edək ki, dövlət katibi Blinken 7 oktyabrdan bu yana regiona 7-ci səfəri çərçivəsində İsraildən əvvəl Səudiyyə Ərəbistanında olub. Güman ki, bu təklif də ər-Riyad rəsmilərindən gəlib. Əgər İsrail atəşkəsə getməyib hərbi əməliyyatları davam etdirməyə qərar verərsə, o zaman Səudiyyə Ərəbistanı ilə normallaşma prosesi zərər görəcək. 

Məlum olduğu kimi, 2023-cü il sentyabrın 13-də isə Hindistanda G-20 sammiti çərçivəsində ərəb-İsrail barışının növbəti mərhələsi olaraq BƏƏ-Səudiyyə Ərəbistanı-İordaniya və İsraili bir-birinə bağlayacaq Hindistan-Yaxın Şərq-Avropa nəqliyyat dəhlizi layihəsi (İMEC) müqaviləsi imzalanıb. Ərəb-İsrail barışığını sürətləndirməyə xidmət edən bu müqavilədən bir neçə həftə sonra Həmasın İsrailə hücumu bu layihəni zərbə altında qoydu. 

İndi isə ər-Riyad görünür ki, İsrailə layihəni bərpa etməyi təklif edir. Şərt isə çox sadədir: İsrail hərbi əməliyyatları dayandırıb atəşkəs imzalamalıdır. Bunun qarşılığında isə İMEC layihəsi və ümumilikdə ərəb dünyasının lider ölkəsi Səudiyyə krallığı ilə barışıq prosesi başlayacaq. 

Bu təklif ilk növbədə Vaşinqton və ər-Riyadın ağıllı düşünülmüş diplomatik gedişidir. Əgər İsrail hakimiyyəti bu təklifi qəbul etsə, Vaşinqton və ər-Riyad 2 ciddi uğur qazanacaq; 

1. Qəzzada müharibəyə son qoyulacaq, ərəb ölkələri və ABŞ ciddi beynəlxalq qınaqdan xilas olacaq, üstəlik atəşkəsə nail olduğu üçün Səudiyyə krallığı və Vaşinqton ciddi diplomatik xal qazanacaq. 

2. Ərəb-İsrail barışığı prosesi bərpa olunacaq, İMEC layihəsi üzərindən təhlükə keçəcək və üstəlik, ən əsası daha əvvəl olduğu kimi, bu dəfə prosesə ciddi müqavimət olmayacaq. Çünki bu dəfə Qəzzada qırğınları dayandırmaq üçün barışığa gedilmiş olacaq. 

Beləliklə, Vaşinqton bir gedişlə həm regionda sülhə nail olmaq, həm də barışıq layihəsini qoruyub saxlamış olacaq. Bu, seçkilərə hazırlaşan Bayden üçün də qiymətli bir “hədiyyə” olacaq. 

Əgər İsrail bu təklifi dərhal, yəni yaxın zamanda qəbul edərsə, bununla Baydenə dəstək vermiş olacaq. Yox əgər proses ləngidilsə, bu o demək olur ki, “hədiyyə” növbəti ABŞ prezidentinə saxlanır.

Digər xəbərlər