Netanyahu həbs oluna bilərmi?

  • 02.05.2024
  • 57 baxış

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) bu həftə İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yaov Qallant və baş qərargah rəisi Herzi Halevi haqqında həbs qərarı çıxara bilər. 

İsrail baş naziri bununla bağlı müraciət yayaraq İCC-nin həbs qərarının İsrailin siyasətinə təsir etməyəcəyini desə də, yerli və xarici mediada yazılanlara görə rəsmi Təl-Əviv bu ehtimaldan ciddi narahatdır. 

Artıq baş nazir Netanyahu ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı İCC-nin həbs qərarı ilə bağlı Vaşinqtondan dəstək istəyib. ABŞ-dan bu dəstək gecikməyib. Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat brifinqində bildirib ki, ABŞ hökuməti İCC-nin İsrail dövlət rəsmiləri haqqında həbs qərarı vermə səlahiyyətinin olmadığını düşünür və belə bir qərarı dəstəkləmir. 

Bununla belə hazırda Netanyahu və daha iki israilli dövlət rəsmisi barədə həbs ehtimalı getdikcə yüksəlir. Bu səbəbdən də İsrail bir sıra hazırlıqlar həyata keçirir. 

1. Netanyahu İCC-nin həbs orderinə qarşı beynəlxalq dəstək almaq üçün ABŞ prezidenti ilə yanaşı bir sıra Avropa və Qərb liderləri ilə danışaraq siyasi dəstək istəyib. 

2. İsrailin xarici ölkələrdəki diplomatlarına məlum həbs qərarı ehtimalı ilə bağlı hazırlıqlı olmaq, olduqları ölkələrin siyasi, dövlət və ictimai rəyində bu qərara qarşı diplomatik təmasları artırmaq tapşırılıb.

3. Beynəlxalq səviyyədə İCC-yə qarşı kampaniya aparılması. Burada məqsəd İCC-nin nüfuzunun gözdən salınması, mediada və sosial şəbəkələrdə İsraili müdafiə edən kontentlər yaratmaq, qlobal səviyyədə müdafiə çənbəri formalaşdırmaq və bununla da İCC-nin ehtimal olunan qərarına təsir etmək. 

4. Daha bir variant isə Qəzzada hərbi əməliyyatların yenidən aktiv fazaya keçməsidir. Netanyahu bununla ən pis halda radikal sağçı yəhudilərin dəstəyinə ümid edə bilər. Artıq bunun ilk cəhdləri var. İsrail ordusu Rəfah ətrafına quru qüvvələri cəmləməyə başlayıb. 

Xüsusən də son günlərdə Netanyahunun Qəzza müharibəsi ilə bağlı etirazları antisemitizmlə əlaqələndirməyə çalışması bununla izah oluna bilər. Lakin, son günlər ölkə daxilində atəşkəs çağırışları, eləcə də xarici ölkələrdəki yəhudi təşkilatlarının İsrailin Qəzza müharibəsinə qarşı çıxışları onu göstərir ki, Netanyahunun “ənənəvi” metodu bu dəfə çətin işləyəcək.

Əlbəttə. təcrübə göstərir ki, İCC hətta həbs qərarı versə belə, İsrail bu qərara tabe olmayacaq. Lakin istənilən halda belə bir qərar İsrailin siyasi nüfuzu üçün ciddi zərbədir.

Digər xəbərlər