"Vaqner"in Afrikadakı fəaliyyətləri

  • 16.10.2023
  • 258 baxış

İyunun 24-də Rusiyada baş verən bir günlük “Vaqner” qiyamından sonra diqqət bu təşkilatın gələcək taleyinə, xüsusən də xaricdəki fəaliyyətlərinə yönəldi. Çünki söhbət minlərlə silahlı əsgəri olan və artıq 10 ilə yaxındır Suriya və Afrikanın bir sıra ölkələrdə fəaliyyət göstərən hərbi şirkətdən gedir. Şirkətin hazırda Afrika və Yaxın Şərq ölkələrində minlərlə muzdlu döyüşçüləri var. Əgər “Vaqner” buraxılsa, o zaman bu əsgərlərin taleyi necə olacaq, onlar nə ilə məşğul olacaqlar?

Hazırda Suriya, Liviya, Mali, Mərkəzi Afrika Respublikası, Sudan, Mozambik, Venesuela, Burkina Faso və Madaqaskara qədər bir çox ölkədə “Vaqner” muzdluları bu və ya digər formada fəaliyyət göstərir.

Vətəndaş Cəmiyyəti Şəbəkəsi olan Beynəlxalq Mütəşəkkil Cinayətkarlığa qarşı Qlobal Təşəbbüs (GIATOC) tərəfindən hazırlanan hesabatda “Vaqner” haqqında “hazırda Afrikadakı ən təsirli Rusiya oyunçu” ifadəsi yer alıb. Bu da təsadüfi deyil. “Musiqiçilər”  Liviyada vətəndaş müharibəsində birbaşa döyüş əməliyyatlarına qatılan general Xəlifə Həftərin qüvvələri üçün kəşfiyyat və hərbi təlim xidmətləri göstərib, bir çox hallarda isə birbaşa döyüş əməliyyatlarında iştirak ediblər.

Eyni zamanda “Vaqner” döyüşçüləri 2019-cu ildə Sudanda baş verən inqilab zamanı dövlət başçısı Ömər əl-Bəşirin, Sudan qızıl mədənlərinin, Mərkəzi Afrika Respublikasında almaz mədənlərinin, Malidə radikal islamçı qruplarla mübarizədə hökumətin mühafizəsini təmin ediblər.

 

Suriyada “anadan olan” “Vaqner”

“Vaqner”in ilk əməliyyatı 2014-cü ildə Krımda olsa da, əslində bu qruplaşmanın “anadan olduğu” yer Suriyadır. 2013-cü ildə ilk dəfə olaraq dünya mediasında bu ölkədə döyüşən rusiyalı muzdluların fotoşəkilləri dərc olunub. Bildirilib ki, əsasən təqaüddə olan Rusiya xüsusi təyinatlıları və kəşfiyyatçılarından ibarət yarımhərbçilər dövlət obyektlərini mühafizə edib və Suriya hökumət qüvvələrinə təlim keçiblər.

Rusiyanın “Slavyan korpusu” adlı muzdlu dəstəsinin ölkədə fəaliyyəti ilə bağlı ilk rəsmi məlumat muzdlulardan biri, Krasnodar diyarının sakini Aleksey Malyutanın Suriyanın Homs şəhəri yaxınlığında ölümündən sonra ortaya çıxıb. Onun üzərindən tapılan sənədlərdən məlum olub ki, o, Sankt-Peterburqda yaradılmış və Honq-Konqda qeydiyyatda olan “Slavonic Corps Limited” özəl hərbi şirkətinin əməkdaşıdır.

2013-cü ilin sentyabrında “Slavyan korpusu”nun 267 nəfər “işçisi” Suriyaya neft mədənlərini mühafizəsi üçün göndərilib. Onlara ayda 4 min dollar maaş, həlak olacaqları və ya yaralanacaqları təqdirdə sanballı kompensasiya vəd ediblər. Amma Suriyada “Slavyan korpusu”nun əməliyyatları uğurlu olmayıb. Rusiya hakimiyyəti təşkilatın təsisçiləri Vadim Qusev və Yevgeni Sidorovu qanunsuz hərbi qruplaşma yaratdıqlarına görə həbs edib. Ancaq tezliklə Rusiya hakimiyyəti hərbi şirkətlərin Suriya kimi uzaq ölkələrdə əməliyyatlarda daha faydalı olacağını anlayır və bu dəfə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi (QRU) “kölgəsi” altında “Slavyan korpusu”nun keçmiş əməkdaşlarının təmsil olunduğu “Vaqner” Özəl Hərbi Şirkəti (ÖHŞ) yaradılır. Yeni silahlı qrupun komandiri isə QRU-nun keçmiş zabiti Dmitri Utkin olur. QRU əlahiddə xüsusi təyinatlı hərbi hissəsinin komandiri olmuş, ehtiyatda olan podpolkovnik Dmitri Utkin hərbi xidməti başa vurduqdan sonra “Moran Security Group” mühafizə şirkətin əməkdaşı kimi dəniz quldurlarına qarşı mübarizə aparıb, daha sonra “Slavyan korpusu”nun bölmə komandirlərindən biri kimi 2013-cü ilin oktyabrında Suriyada olub. “Vaqner” isə D.Utkinin kod adıdır.

Beləliklə, “Vaqner”in ilk rəsmi əməliyyatı 2014-cü ilin martında Krımda olub. Krımdakı “yaşıl adamlar” deyildikdə məhz “vaqnerçi”lər nəzərdə tutulurdu.  Krımdan sonra Donbasda da görünən “Vaqner” muzdlularının səsi tezliklə Suriya və Afrika ölkələrindən gəlməyə başladı.

Bir sıra mənbələrə görə, Suriyada təşkilatın 5 minə yaxın silahlı muzdlusu yerləşdirilib. Suriyada “Vaqner”lə bağlı ən ciddi insident 2018-ci il fevralında Deyr əz-Zor vilayətində ABŞ qüvvələri ilə baş verən toqquşma olub. O vaxt təbii qaz yataqları və təbii qaz emalı zavodunu ələ keçirməyə çalışan “Vaqner” silahlıları ABŞ ordusunun artilleriya və aviasiyası tərəfindən ağır zərbələr alıb. Nəticədə qeyri-rəsmi məlumatlara görə, 300-dən çox “Vaqner” silahlısı məhv edilib. Son zamanlar ortaya çıxan iddialara görə, bu hadisə “Vaqner” və Rusiya Müdafiə Nazirliyi arasında ilk açıq münaqişə olub. Belə ki, iddialara əsasən, guya Rusiya MN amerikalıların xəbərdarlığını “Vaqner” qrupuna çatdırmayıb və faktiki olaraq “vaqnerçi”ləri atəş altında qoyub. 

 

“Vaqner” Afrikada

Media orqanları və beynəlxalq təşkilatların hazırladığı hesabatlara görə, son illərdə “Vaqner” Afrikanın 9 ölkəsində fəaliyyət göstərir. Şirkətin ilk göründüyü ölkə Mərkəzi Afrika Respublikası olub. Ehtimallara görə, “Vaqnerin” MAR-da təxminən 2 minə yaxın muzdlusu var. Burada onlar həm yerli hakimiyyət qüvvələrinə hərbi təlim keçir, həm də dövlət başçısı Faustin-Arçanqe Touaderanın mühafizəsini təşkil edir.

2017-ci ildən MAR-da fəaliyyət göstərən Vaqnerin həm də bu ölkədəki qızıl və almaz mədənlərinin təhlükəsizliyini təmin etdiyi bildirilir. Yeri gəlmişkən, MAR “Vaqner”in Afrikadakı ilk fəaliyyət yeri olub və şirkətin muzdlularının burada bəzi cinayətlərdə əli olduğu barədə iddialar var idi. “Vaqner”in fəaliyyəti haqqında film hazırlamaq üçün MAR-a yollanmış Orxan Camal (jurnalist, nüfuzlu filosof və islamşünas Heydər Camalın oğlu), operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev müəmmalı şəkildə qətlə yetirilib.

2020-ci ildə MAR-da baş verən silahlı qiyam zamanı mərkəzi hökumətin Vaqnerə ehtiyacı daha da artıb, ölkədəki vacib obyektlərin mühafizəsi məhz ona həvalə edilib. Bununla “vaqnerçilər” daha da fəallaşıb. Nəticədə, onlar yeni zorakılıq, adam oğurluğu, təcavüz və qətllərdə ittiham olunublar. Bu ilin əvvəlində ABŞ Maliyyə Nazirliyi muzdlu xarici hərbi şirkətlərin MAR və Malidə kütləvi qətllər, təcavüz, uşaq oğurluğu və fiziki istismar kimi ağır cinayətlərdə iştirak etdiyini elan edib.

 

“Vaqner” Liviyada

Liviyada, təxminən, 2 minə yaxın “Vaqner” muzdlusu var. Onlar arasında hətta hərbi pilotların olması barədə iddialar var. “Vaqnerçilər”in  əsasən Liviyanın mərkəzindəki Cufra hərbi hava bazasında, həmçinin Sirt şəhərindəki aerodromda yerləşdiyi ehtimal olunur.

“Vaqner”in Liviyadakı mövcudluğu ilə bağlı xəbərlər 2019-cu ilin aprelində general Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusu qüvvələrinin Tripoli şəhərinə hücumu zamanı yayılmağa başladı. Məlum oldu ki, “Vaqner” silahlıları Həftərin qüvvələrinin tərkibində Tripoliyə hücumda iştirak edirlər.

“Vaqner” snayperləri və hərbi kəşfiyyatçıları X.Həftərin hərbi uğurlarının əsas səbəbləri kimi göstərilirdi. 2021-ci ildə açıqlanan sənədlərdə “Vaqner” silahlılarının Tripoli ətrafında mina tələləri qurduğu, eləcə də mülki əhalini qətlə yetirdiyi barədə iddialar yer alırdı. Maraqlıdır ki, Liviyadakı “vaqnerçilər” Moskvadan, xüsusən də Rusiya müdafiə sənayesindən ciddi dəstək alırdı. Sayları barədə fərqli rəqəmlər deyilsə də, Liviyada hələ də xeyli sayda “vaqnerçi”nin olduğu məlumdur.

 

“Vaqner” Sudan və Mozambikdə

Afrikanın qızıl mədənləri ilə zəngin ölkəsi olan Sudanda “Vaqner” ilk dəfə 2017-ci ildə görünməyə başlayıb. İlk dövrdə “Vaqner” silahlıları “Meroe Gold” və “M İnvest” şirkətləri adı altında əsasən qızıl mədənləri ərazisində fəaliyyətə başlayıb. Bu, təxminən, Ukrayna münaqişəsindən sonra sanksiyaların artması fonunda Moskvanın qızıl ehtiyatı toplama fəaliyyətinin gücləndiyi dövrə təsadüf edir. Port Sudan, Xartum və Darfur kimi Sudanın əsas şəhərlərində “Vaqner” üzvlərinin olduğu bilinir. Buradan Sudanla yanaşı, Afrikanın digər regionlarına silah və sursat daşındığı ehtimal olunur. 2020-ci il iyulun 15-də ABŞ “Vaqner”in törəmə şirkəti olan “M İnvest”i sanksiyalar siyahısına daxil edib.

Lakin “Vaqner” Sudanda əsasən inqilab dövründə tanındı. 2018-ci ilin dekabrında Sudanda 30 illik diktator Ömər əl-Bəşirə qarşı xalq etirazları başladıqdan sonra Sudanda “Vaqner”dən daha çox bəhs etməyə başladılar. İddia edilirdi ki, “musiqiçilər” Sudan hakimiyyət rəhbərlərini və mühüm dövlət obyektlərini qoruyur.

Mozambikdə 2019-cu ildən bəri fəaliyyət göstərən təxminən 160-300 arası “Vaqner” silahlıları təbii qaz və digər qiymətli mineral mədənlərinin mühafizəsini həyata keçirir, həmçinin İŞİD-in yerli qolu olan “Ənsar əl-Sunna” qruplaşmasına qarşı əməliyyatlarda iştirak edir.

 

“Vaqner” Malidə

“Vaqner” qrupunun aktiv fəaliyyət göstərdiyi ölkələrdən biri də Böyük Səhranın cənubunda yerləşən Malidir. Bu ölkədə “Vaqner” nisbətən yenidir, yəni 2021-ci ildən fəaliyyətə başlayıb. 2020-ci ildə hərbi çevriliş nəticəsində iqtidarı ələ keçirən polkovnik Assimi Qoita sonrakı il “Vaqner”i ölkəyə dəvət edib. Hazırda Mali hökumət rəsmiləri “Vaqner”lə əməkdaşlığı inkar etsələr də, “musiqiçilər”in Malidə hökumət qüvvələrinə təlim keçdiyi, həmçinin qiymətli metal mədənlərini və əhəmiyyətli dövlət binalarını mühafizə etməsi haqda ciddi məlumatlar var.

Maraqlıdır ki, “Vaqner”in ölkəyə gəlişindən sonra Fransa və daha bir neçə Avropa ölkəsinin Malidəki qüvvələri ölkəni tərk edib. Onlardan boşalan yerləri isə “Vaqner” dəstələri tutub. Bu vəziyyətə Fransa XİN bir neçə rəsmi bəyanatla etiraz etsə də, görünür, “Vaqner”in varlığı Afrika respublikaları üçün daha əlverişlidir.

“Vaqner”in Mali ilə yanaşı, Qvineya, Qvineya-Bissau, Madaqaskar, Zimbabve və Anqolada da fəaliyyət göstərdiyi bilinir.

 

Afrika liderləri niyə “Vaqner”i seçirlər?

Bu sual nə qədər ritorik görünsə də, bunun arxasında çox ciddi amillər dayanır. Niyə Afrikanın qiyam qaldırmış hərbçiləri, Liviyada on minlərlə hərbi qüvvəsi olan general Həftər və başqaları yüksək məbləğdə ödəmələr hesabına olsa belə “Vaqner”lə əməkdaşlıq etməkdə maraqlıdır? Məsələ ondadır ki, hələ ötən əsrin ortalarından Afrikada Qərbin muzdlu hərbi şirkətləri fəaliyyət göstərir. Bəs indi hərbi xuntalar, generallar niyə məhz rusiyalıları seçir? Birincisi, “Vaqner”ni əsasən Rusiya ordusu xüsusi təyinatlıları və keçmiş kəşfiyyat zabitləri təşkil edir. Bu səbəbdən də, “Vaqner”in hərbi kəşfiyyatı dəqiqliyi və səhvsizliyi ilə seçilir. Bunu hətta qrupun Qərbdəki rəqibləri belə etiraf edirlər. Digər tərəfdən snayperdən tutmuş hərbi aviasiya pilotuna qədər fərqli istiqamətlərdə təlim keçən “Vaqner” zabitləri ilə əməkdaşlıq hökumətlər və qiyamçı generallar üçün əlverişlidir.

İkincisi, “vaqnerçilər”in siyasi iddiası yoxdur və onlara qarşı beynəlxalq təzyiqin olmamasıdır. Digər analoqlardan fərqli olaraq, “Vaqner”in hər hansı siyasi tələbi və ya iddiaları olmur. “Vaqner”lə əməkdaşlıq edən tərəfin yeganə öhdəliyi tələb olunan vəsaiti vaxtında ödəməkdir. Onların qərbli həmkarları yerləşdikləri ölkələrdə daxili siyasi proseslərə müdaxilə etməklə və ya xarici təzyiqlərə müqavimət göstərə bilməməklə tanınırlar. Bundan əlavə, hərbi ekspertlər “Vaqner”lə əməkdaşlığın “etibarlılığını” qeyd edirlər. Yerli silahlı əsgərlər daha ucuz başa gəlsə də, onların hakimiyyətə xəyanət etməsi, mövqelərini dəyişib qarşı tərəfə keçməsi riski yüksəkdir. Hətta yerli silahlıların hökumətə qarşı qiyam qaldırması riski də var. “Vaqner”in vəziyyətində belə risklər praktiki olaraq yoxdur. Bu səbəbdən də, hökumətlər və qiyamçı generallar mühüm obyektləri, qiymətli mədənləri və canlarını “Vaqner”ə etibar edirlər.

Digər mühüm amil siyasi və maddi-texniki dəstəkdir. “Vaqner” azı son vaxtlara qədər Moskvaya birbaşa bağlı olub. Bundan başqa, Rusiya Qərbin tənqid etdiyi və sanksiyalara məruz qalan Afrika liderləri üçün daha təhlükəsiz “sığınacaq” sayılırdı.

 

 

Digər xəbərlər