İsrail İranı müharibəyə çəkməyə çalışır

  • 04.04.2024
  • 81 baxış

İsrail aviasiyasının İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğunu vurması xüsusi hazırlanmış qisas-təxribat əməliyyatıdır. 

İran İnqilab Keşikçiləri Korpusu (Sepah) yaydığı rəsmi açıqlamada konsulluğun vurulması nəticəsində generallar Məhəmməd Rza Zahidi, Məhəmməd Hadi Hacı Rəhimi və daha 5 nəfərin öldüyü təsdiqlənib. İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri bildirib ki, konsulluq binasını İsrailə məxsus F-35 döyüş təyyarəsindən atılan 6 raketlə vurulub. 

Güman ki, İsrail ordusu generalların və güman ki, onların köməkçilərinin konsulluq binasına daxil olması barədə operativ kəşfiyyat məlumatı alıb və dərhal həmin ərazi vurulub. Məlum olduğu kimi, İsrail aviasiyası davamlı olaraq Suriya ərazisindəki İran mövqelərini bombalayır. Dekabrın sonlarında İsrail aviasiyası İran ordusunun daha bir generalını – Razi Musəvini öldürmüşdü. 

İranlı generallar Suriyada vətəndaş müharibəsi başlayandan bu ölkədə fəaliyyət göstərir. Onlar əsasən, yerli silahlı qruplara təlim keçir, silah, əsasən raket istehsalını təşkil edir və hərbi əməliyyatları təşkil edirlər. Həmçinin iranlı zabitlər İraq, Livan və Fələstin silahlı qruplarına silah ötürülməsi işini təşkil edir. 

Görünür ki, iranlılar İsrailin konsulluğu vuracağını gözləməyib, generallar konsulluğa daxil olublar. İsrail isə ilk dəfə olaraq İranın diplomatik nümayəndəliyini hədəfə almaqla əslində növbəti dəfə Tehranı qarşıdurmaya cəlb etməyə çalışıb. 

İran bu hücuma sürətli və sərt cavab verəcəyini bəyan edib. Lakin Tehran birbaşa İsraili hədəfə alması ehtimalı azdır. Çünki bunun baş verməsi indi İsrailə daha çox lazımdır. 

Məsələ ondadır ki, hazırda beynəlxalq təzyiq sürətlə artır, üstəlik Vaşinqton və Təl-Əviv arasında münasibətlər getdikcə daha da kəskinləşir. İsrail hakimiyyəti anlayır ki, Qəzzada müharibəni davam etdirmək və beynəlxalq təzyiqi yüngülləşdirmək üçün yeganə vasitə yeni böyük müharibə ola bilər. 

Ötən ilin dekabrında İsrailin Livan və Suriyada həyata keçirdiyi sui-qəsd əməliyyatları Hizbullahın İsrailə hücum etməsinə hesablanmışdı. Ancaq Hizbullah İsrailə hücum etmədi, cavab zərbələrini sərhəd xəttində verməklə kifayətləndi. İndi isə yenidən o taktika işə salınıb, ötən həftə İsrail ordusu Hizbullahın bir neçə yüksək rütbəli komandanına qarşı sui-qəsd təşkil etdi. Ardınca isə Dəməşqdə İran generallarını öldürməklə İran və Hizbullahı müharibəyə cəlb etməyə çalışır. 

Tehranın İsrailin təxribatına gedərək müharibəyə səbəb olması ehtimalı azdır. Güman ki, Tehran rəsmiləri qisas əməliyyatını sui-qəsd və proxylər vasitəsilə həyata keçirəcəklər. Lakin istənilən halda dünənki hücum yeni təhlükəli vəziyyət yaradır. Diplomatik nümayəndəliklərin hədəfə alınması onu deməyə əsas verir ki, sonrakı hədəf İran ərazisi ola bilər.

Digər xəbərlər