ABŞ İsrailə silah yardımını dayandıracaq?

  • 14.03.2024
  • 71 baxış

İsrail ordusu Rəfaha quru əməliyyatını başladacağı təqdirdə ABŞ prezidenti Cozef Bayden bu ölkəyə hərbi yardıma bəzi şərtlər gətirə bilər. 

Bu barədə ABŞ-da dərc olunan “Amerikan Politico” qəzeti yazıb. Qəzet amerikalı rəsmilərə istinadən yazır ki, İsrail Vaşinqtonla razılaşdırmadan Rəfaha hücum edərsə o zaman Bayden İsrailə silah yardımına yenidən baxa bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl prezident Bayden özü də MSNBC kanalına verdiyi müsahibədə İsrailə dəstəkləməyə davam edəcəyini, ancaq Rəfah əməliyyatına “qırmızı xətt” olaraq gördüyünü deyib.

Yeri gəlmişkən, dünən yəhudi əsilli müstəqil senator Berni Sander və daha 7 demokrat senator prezident Baydenə müraciət edərək İsrailə silah göndərilməsini dayandırmaq çağırışı ediblər.

Belə görünür ki, Bayden administrasiyası İsrail hakimiyyətinə qarşı təzyiqləri artırmağa qərar verib. Netanyahunun Ramazanda atəşkəsə razılıq verməməsi, üstəlik Qəzzaya yardımların ötürülməsində yaranan problemlər və nəhayət, hələ də gözlənilən Rəfah əməliyyatı Vaşinqtonun səbir kasasını daşdırır. 

Hazırkı şəraitdə ABŞ-ın Yaxın şərq siyasəti qarşısında əsas maneə Netanyahu və onun sağçı hökumətidir. Vaşinqton təzyiqləri artırmaqla Netanyahunu baş nazir postundan uzaqlaşdırmağa çalışacaq. Bunun üçünsə İsrail təzyiqləri artırmaq, əsas problemin Netanyahu olduğunu İsrail və ABŞ ictimaiyyətinə göstərmək lazımdır. ABŞ prezidentinin “Netanyahunun İsrailə faydadan daha çox zərər verdiyini” deməsinin arxasında yatan məna budur. 

Bunu təsdiqləyən daha bir məqam isə son həftələrdə İsrail müxalifətinin fəallaşması, Yair Lapidin Netanyahunu istefaya çağırması və Benni Qantzın ABŞ-a səfəridir. Belə demək oalrsa Vaşinqton Netanyahunu göndərmək üçün artıq “düyməyə basıb”.

Digər xəbərlər