Əl-Qaidənin Ərəbistan yarımadası filialı

  • 12.03.2024
  • 99 baxış

Bazar günü əl-Qaidənin Ərəbistan yarımadası filialı (AQAP) lideri Xalid Batarfinin ölüm xəbəri yayılıb. Batarfinin hansı səbəbdən və necə öldüyü haqda məlumat yoxdur. Ancaq sahə üzrə ixtisaslaşmış media orqanları AQAP-ın yeni liderinin Yəmən əsilli Səəd bin Atif əl-Əvlaki olduğunu yazır.

Qeyd edək ki, Batarfi haqqında elə də çox məlumat yoxdur. Əldə olan bilgilərə əsasən Batarfi 40 yaşlarında olub, 2020-ci ildə AQAP-ın bundan əvvəlki lideri Qasim ər-Rayminin ABŞ ordusu pilotsuz təyyarələri tərəfindən öldürülməsindən sonra təşkilata yeni lider olaraq seçilib. Yeri gəlmişkən, ər-Raymi özü də sələfi Nəsr əl-Vuheyşinin 2015-ci ildə yeni amerikalıların həyata keçirdiyi dron hücumu nəticəsində öldürülməsindən sonra təşkilata rəhbər seçilmişdi.

Bazar günü öldürülən Batarfi isə daha əvvəl AQAP-ın şəriət məhkəməsi hakimi və qruplaşmanın rəsmi sözçüsü vəzifəsini icra edib. ABŞ 2018-ci ildə Batarfini “qlobal terrorçu” elan edərək onun başına 5 milyon dollar mükafat təyin etmişdi.

AQAP-ın yeni lideri Səəd bin Atif əl-Əvlaki yəmənlidir və AQAP-ın Şura Məclisinin üzvüdür. Əvlaki də amerikalılar tərəfindən axtarılan terrorçular siyahısında yer alır. Onun başına ABŞ Dövlət Departamenti tərəfindən 6 milyon dollar mükafat təyin olunub.

Qeyd edək ki, əl-Qaidənin ən güclü qollarından biri olan Yəmən əl-Qaidəsi və ya tam olaraq “Ərəb yarımadası əl-Qaidəsi” yalnız Yəməndə deyil, bütövlükdə Ərəbistan yarımadasında fəaliyyət göstərir. Ancaq təşkilatın əsas hərbi gücü Yəməndədir. Daha əvvəl fəaliyyət göstərməsinə baxmayaraq 2009-cu ildə Səudiyyə Ərəbistanı və Yəmən əl-Qaidə qruplaşmalarının birləşməsi nəticəsində daha da böyüyüb. Qruplaşmanın ilk lideri Nasir əl-Vuheşyi 2015-ci ilin iyununda Amerika Birləşmiş Ştatlarına məxsus pilotsuz təyyarənin həyata keçirdiyi hücum zamanı öldürülüb. Bundan əvvəl 2014-cü ildə isə qruplaşmanın daha bir lideri Məhəmməd Səid əş-Şabani öldürülüb. 2015-ci ilin məlumatlarına əsasən Yəmən əl-Qaidəsinin bu ölkə ərazisində 4 minə yaxın silahlı döyüşçüsü var.

 

2017-ci ilin noyabrında isə ABŞ ordusunun aviazərbələri nəticəsində Yəmən əl-Qaidəsinin daha bir lideri Mücahid əl-Adani və onun 4 silahdaşı öldürülüb.

 

Qeyd edək ki, 1998-ci ildə yarandığı ehtimal olunan AQAP və ya Yəmən əl-Qaidəsinin əsas qurucusu və ideoloqu əl-Qaidənin ikinci lideri, bir neçə il əvvəl Əfqanıstanda öldürülmüş Əyman əz-Zəvahiridir. Yəmən əl-Qaidəsinin digər əl-Qaidə qruplarından fərqi onun Yəməndə savaşda iştirak etməsi və müəyyən bölgələrə nəzarət etməsidir. Bu səbəbdən də bəzi media orqanlarında bu qruplaşmanı “Əl-Qaidənin sonuncu qalası” da adlandırırdılar.

 

2015-ci ildə Yəmən əl-Qaidəsi Fransa paytaxtında “Şarli Hebdo” jurnalının redaksiyasına hücumu həyata keçirib. Jurnalın redaksiyanın hücum edən terrorçular 12 nəfəri öldürmüşdü. Bu hadisə bütün dünyada geniş rezonans doğurmaqla yanaşı Yəmən əl-Qaidəsini bir daha yada saldı. Çünki hücumu həyata keçirənlər Yəməndə əl-Qaidə düşərgələrində təlim keçdiyi məlum olmuşdu. Qeyd edək ki, qruplaşma 2009-cu ildə ABŞ-da terror aktı planlaşdırıb, ancaq terror aktı ifşa olunub. Bundan sonra Vaşinqton Yəmən əl-Qaidəsinə qarşı hücumları artırıb.

 

Daha sonra ABŞ hökuməti Yəməndə əl-Qaidə ilə mübarizə məqsədilə əməliyyat qüvvələri göndərib. Məhz bu dövrdə terrorçuların ABŞ hərbçilərinə, hətta helikopterlərə hücumu qeydə alınıb. 2011-ci ildə isə Yəmən əl-Qaidəsinin əsas liderlərindən olan ABŞ vətəndaşı Ənvər əl-Əvlaki ABŞ ordusu pilotsuz təyyarələrinin hücumu nəticəsində öldürülüb.

 

2012-ci ildə Yəmən inqilabından sonra əl-Qaidə bu ölkədə yaranmış xaos nəticəsində xeyli güclənib. Hətta paytaxt Sənada hökumətə qarşı mitinqdə əl-Qaidə üzvü kamikadzenin özünü partlatması nəticəsində 47 nəfər ölüb. İnqilabdan sonra Yəmənin nəzarətsiz bölgələrində təlim düşərgələri quran əl-Qaidə üzvlərinin sayını artırıb. 2014-cü ildə şiə-zeydi husilərin mərkəzi hökuməti ələ keçirməsi ilə Yəməndə vətəndaş müharibəsi daha da alovlanıb. Bu zaman husilərə qarşı savaşan əsas qruplardan biri də əl-Qaidə olub. Ancaq qruplaşma husilərlə müharibə aparan devrilmiş prezident Mansur Hadiyə dəstək verməyib, özləri ayrıca fəaliyyət göstərib. Bu dövrdə əl-Qaidə ilə bəzi yerli qəbilələr arasında ittifaq bağlanması haqda xəbərlər yayılıb. Eyni zamanda Yəmən ordusundakı zeydilərə hücumlar artıb.

 

Hazırda Yəməndə vətəndaş müharibəsi davam etdiyi üçün əl-Qaidə yaranmış boşluqdan faydalanaraq gücünü və tərəfdarlarının sayını artırıb. Eyni zamanda 2014-cü ildə İŞİD də Yəmənə yerləşib və hücumlar həyata keçirib. Vətəndaş müharibəsi davam etdiyi müddətdə, köklü sülh əldə olunmadıqca Yəməndə əl-Qaidənin mövcudluğunu qoruyub saxlayacağı ehtimal olunur.

 

Digər xəbərlər