İran Qırmızı dənizdə hərbi-dəniz bazası qurmaq istəyir

  • 06.03.2024
  • 137 baxış

İran Sudan ərazisində Qırmızı dəniz sahilində hərbi-dəniz bazası qurmaq istəyir. Bu barədə Sudanın hazırkı hərbi lideri Əbdülfəttah Burhanın kəşfiyyat məsələləri üzrə müşaviri Əhməd Həsən ABŞ mediasına müsahibəsində iddia edib. Ə.Həsən deyib ki, İslam Respublikası Sudana hərbi yardım müqabilində bu ölkənin ərazisində Qırmızı dəniz sahilində hərbi-dəniz bazası qurmaq üçün icazə istəyib. İranlılar icazənin qarşılığında Sudanın hazırkı hakimiyyətinə dronlar və helikopter gəmisi vəd ediblər. 

Ancaq Həsənin dediyinə görə, ordu generalı Burhan ABŞ, İsrail və ərəb ölkələrini qəzəbləndirməmək üçün iranlılara rədd cavabı verib. Həsən onu da deyib ki, iranlılar Qırmızı dəniz sahilində bazadan kəşfiyyat məqsədi üçün istifadə etmək istəyirmişlər. 

Maraqlıdır ki, bir çoxları hesab edir ki, bu xəbər Burhan hakimiyyətinin müttəfiqlərini və ya belə desək Qərbi hərəkətə gətirmək məqsədi daşıyır. Yəni Sudan hakimiyyəti demək istəyir ki, bizə dəstək vermək istəyən qüvvələr var, amma biz Qərblə münasibətləri pozmamaq üçün buna getmirik. Lakin Sudan xarici işlər nazirinin Tehrana səfəri və Sudan ordusunun İrandan çoxlu sayda dron alması Tehranın təklifinin real olduğunu göstərir. 

Məsələ ondadır ki, dünya ticarət yüklərinin 12 faizinin keçdiyi Qırmızı dənizə planetin bir çox ölkələrinin diqqətinin olması başa düşüləndir. Məsələn, hazırda Bab əl-Məndəb boğazı qarşısında yerləşən kiçik Cibutidə 15-dən ölkənin, o cümlədən, Çinin, İsrailin hərbi-dəniz bazaları var. Hər kəs bu strateji nöqtədə “göz və qulağının” olmasını istəyir. 

Lakin Yəmənə faktiki olaraq nəzarət edən husilərin əsas müttəfiqi və sponsoru olan İranın Qırmızı dənizdə baza qurması əlbəttə sıradan hadisə deyil, nəzərə almaq lazımdır ki, Qırmızı dənizə çıxışı olan ölkələrdən biri də İsraildir. İranın Qırmızı dənizdə baza qurması bütövlükdə Qırmızı dəniz hövzəsində hərbi-siyasi vəziyyəti dəyişə bilər. 

Xatırladaq ki, Sudan və İran arasında münasibətlər keçmiş prezident, 2019-cu ildə devrilmiş Ömər əl-Bəşirin zamanında yaxşı olub. Siyasi islamçı “ixvan” xəttində olan əl-Bəşirin Tehranla əlaqələri nəticəsində İran bu ölkəyə silah verir, eyni zamanda Sudan üzərindən Şimali Afrika və Yaxın Şərqə silah ötürürdü.

Digər xəbərlər