Müharibə Yaxın Şərqə yayıla bilər

  • 26.02.2024
  • 77 baxış

Dünyanın diqqəti Qəzzada olsa da, hazırda Yaxın Şərqin bir neçə nöqtəsində hərbi qarşıdurmalar sürətlə artır. İsrail ordusu dünən Eylat limanına doğru hərəkət edən bir PUA və Qırmızı dəniz üzərindən İsrailə doğru hərəkət edən bir ədəd ballistik raketi vurduğunu açıqlayıb.

Amma bu Yəmən husilərinin yeganə “bacarığı” deyil, dünən daha bir neçə gəmini hədəfə alan husilər paralel olaraq ABŞ və Britaniya koalisiyasının bir neçə bombardmanına məruz qalıb.  Ümumilikdə 19 noyabrdan bu yana husilər Qırmızı dənizdə İsrailə hərəkət edən 42 gəmini vurublar. 10 gəmi raket zərbələri nəticəsində ağır zərər görüb, birinin isə batması xəbəri yayılıb. Buna cavab olaraq ABŞ və Böyük Britaniya yanvarın 12-dən bu yana 21 dəfə husi mövqelərinə əməliyyat təşkil edib və hazırda əməliyyatlar demək olar ki, hər gün baş verir. Üstəlik hər iki tərəfin açıqlamasından belə görünür ki, toqquşmalar daha da artacaq.

Dünən eyni zamanda növbəti dəfə Suriyanın Deyr əz-Zor vilayətində əl-Ömər neft yatağı ərazisində yerləşən ABŞ hərbi bazası raket və dron atəşinə tutulub. Ötən müddətdə Suriya və İraqda ABŞ bazalarına 200-dən çox hücum həyata keçirilib və keçirilməkdə davam edir. 

Livan-İsrail sərhədində isə günü gündən toqquşmalar artır. İsrail aviasiyası artıq Beyrut üzərindən uçuşlar həyata keçirir. Eyni zamanda İsrail aviasiyası Suriya ərazisində gündəlik reydlərini davam etdirir, Dəməşq şəhəri də daxil olmaqla müxtəlif bölgələrdə gündəlik partlayışlar baş verir. 

Faktiki olaraq Qəzza da daxil olmaqla Yaxın Şərqin 5 ölkəsində aktiv döyüş əməliyyatları keçirilir. Və bu toqquşmaların tək səbəbi var: Qəzza münaqişəsi. Beləliklə faktiki olaraq Qəzza müharibəsi Yaxın şərq regionunu əhatə etməkdədir. Sadəcə hələlik Yəmən istisna olmaqla toqquşmalar dövlətlər arasında deyil, silahlı qruplarla aparılır. Ancaq artıq 4 ayını tamamlamaqda olan Qəzza müharibəsinin daha da uzanması müharibəyə başqa dövlətlərin qarışması riskini yüksəldir. Xüsusən də bu risk Livanda daha yüksəkdir. İsrailin Livana hücumu regionda müharibəni daha da şiddətləndirəcək. 

ABŞ-ın İsraili qoruması, bu səbəbdən də faktiki olaraq dünya ölkələrinin İsrailə təzyiq edə bilməməsi nəticəsində Yaxın Şərqdə böyük müharibə riski hər keçən gün daha da artır.

Digər xəbərlər