Liviya "baharının" 13 ili

  • 23.02.2024
  • 129 baxış

Liviyada “ərəb baharının” 13 ili tamam olsa da, ölkədə hələ də sabitlik əldə etmək mümkün deyil. 2011-ci il fevralın 17-də Liviyanın Benqazi şəhərində və ardınca bütün ölkədə 42 il ölkəni idarə etmiş polkovnik Müəmmar Qəzzafiyə qarşı etiraz aksiyaları başladı. 

Aksiyalar çox tezliklə silahlı üsyna açevrildi və martın 20-də NATO Liviya ərazisində Qəzzafiyə sadiq qüvvələri bombalamağa başladı. 8 ay sonra oktyabrın 20-də silahlı üsyançılar Sirtə şəhərində NATO qırıcılarının bombardmanı nəticəsində yaralanmış Qəzzafini ələ keçirərək linç etdilər. 23 oktyabrda Liviyada inqilabın qələbəsi elan olunsa da, ölkəyə sabitlik gəlmədi. 

2015-ci ildə ölkədə faktiki mövcud olan Milli Birlik Hökuməti və Təmsilçilər Məclisi hökuməti arasında başlayan müharibə 2020-ci ilə qədər amansız formada davam etsə də, heç bir tərəfin qələbəsi ilə başa çatmadı. 

2021-ci ildə ölkədə atəşkəs və barışıq müzakirələri başlasa da hələ də nəticə yoxdur, seçkilər keçirmək mümkün olmur. Baxmayaraq ki. formal birlik hökuməti qurulub. 2023-cü ilin dekabrında Misirin paytaxtı Qahirədə təşkil olunan Liviyadakı siyasi qüvvələrin toplantısında həm birlik hökumətinin başçısı Məhəmməd əl-Mənfi, Təmsilçilər Məclisi sədri Aqilə Saleh və Liviya Milli Ordusu qüvvələrinin komandanı marşal Xəlifə Həftər barışıq və milli seçkilərin keçirilməsini dəstəklədiklərini bəyan etsələr də, konkret mövzuda razılığa gələ bilmədilər.

Liviyanın zəngin neft-qaz ehtiyatları və bu ölkədə çoxlu sayda xarici oyunçunun mövcudluğu birlik və barışıq qarşısında əsas maneə olaraq qalır. Çünki Liviyada barışıq üçün həm də orada xarici güclərin arasında maraqların uzlaşması və ya Qəzzafinin etdiyi kimi “güclü əl” lazımdır. Hazırda bunların heç biri yoxdur. Əvəzinə xaosa qərq olmuş, bir zamanlar Afrikanın “cənnəti”, rifah ölkəsi hesab olunan Liviyada saysız-hesabsız nəzarətsiz silahlı qruplar at oynadır. 

Ən son olaraq fevralın 18-də Liviyanın paytaxtı Tripolidə silahlı qruplar arasında baş verən silahlı toqquşmada 10 nəfər ölüb. Liviya hökuməti silahlı qrupları paytaxtdan çıxaracağını bildirsə də, bu o qədər də real görünmür. Çünki indi Liviyada hər qəbilə, hər qrup bir silahlı qrupdur. Qəzzafinin neft və zənginlik ölkəsinin yenidən köhnə halına qayıdacağına ümid çox azdır.

Digər xəbərlər