Pakistan seçkilərinin qalibi İmran Xandır

  • 15.02.2024
  • 67 baxış

Fevralın 8-də Pakistan Milli Məclisinə (parlament) keçirilən seçkilərdə hazırda həbsdə olan keçmiş baş nazir İmran Xanın Pakistan Ədalət Hərəkatı (PTİ - Pakistan Tehrike İnsaf) partiyası qalib gəlib. Daha dəqiqi seçkilərə müstəqil namizəd kimi qatılan PTİ üzvləri 93 mandat qazanıb. 

PTİ-nin əsas rəqibi Nəvaz Şərifin Pakistan Müsəlman Liqası (PML) 75, Buhuttoların Pakistan Xalq Partiyası (PPP) isə 54 mandat qazanıb. 

Pakistanın mürəkkəb seçki sisteminə əsasən 336 yerlik parlamentdə yalnız 266 mandat seçki yolu ilə qazanılır. 60 yer qadınlara, 10 yer isə dini azlıqlara verilir. Qanuna əsasən qeyd olunan 70 mandat seçkilərdən 5 faizdən çox səs qazanmış partiyalar arasında bölünür. 

İmran Xan tərəfdarları seçkilərdə partiya olaraq iştirak etmədikləri üçün PTİ-dən seçilmiş müstəqil deputatlar Müsəlmanların Birlik Məclisi Partiyasına (MVMP) qoşulacaq. Bununla da MVMP-nin 1 mandatı ilə birlikdə İmran Xan tərəfdarlarının ümumi mandatı 94-ə yüksələcək və paralel olaraq qadın və azlıq kvotasından isə əlavə olaraq 26 mandat ala biləcək. Lakin bu da hökumət qurmaq üçün gərəkli 169 mandata çatmır. Güman ki, hazırda həbsdə olan Xanın tərəfdarları hökumət qurmaq üçün qarşıdakı günlərdə çalışacaqlar. 

Eyni zamanda Nəvaz Şərif tərəfdarları da hökumət qurmaq üçün koalisiya danışıqları aparır. Ancaq bunun üçün Şərifə partiyasının 80 mandatı ilə yanaşı daha 89 mandat lazım gələcək. Kimin qabağa düşüb hökumət quracağını isə bu ayın sonuna qədər biləcəyik. Çünki qanuna görə yeni hökumət seçkidən 21 gün sonra elan olunmalıdır.

Lakin istənilən halda bu nəticə İmran Xan üçün qələbədir. Pakistan xalqı İmran Xanı ən pis halda ana müxalifət etdi. Bu həm də İmran Xanın tutduğu siyasi xətdə olan dəstəkdir. Məsələ ondadır ki, İmran Xan Pakistanın şəriksiz “sahibi” olan ordu ilə münaqişəyə girdi və Çin, eləcə də Rusiya yaxınlaşmaya görə cəzalandırıldı. Daha çox ABŞ-la yaxın olan ordu İmran Xanının tutduğu xətti bəyənmədi və nəticədə o parlamentdəki müxalifləri vasitəsilə vəzifədən alındı, ardınca isə həbs edildi. Ancaq Xanın iki mühüm şansı var. Birincisi Pakistan xalqı və müstəqil məhkəmə sistemi. Bu iki vasitə hesabına Xan ağır dövləti ittihamlara və həbsdə olmasına rəğmən müqavimət göstərir və məhkəmədə hüquqlarını qorumaqla yanaşı seçkilərdə xalqdan böyük bir dəstək ala bildi. 

İmran Xanın hazırda yaşadıqları Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın 90-cı illərin sonunda yaşadığı siyasi qalmaqalları xatırladır. İmran Xan kimi Ərdoğan da həbsə atılmış və üzərində siyasi fəaliyyət qadağası qoyulmuşdu. Ancaq buna baxmayaraq partiya yaradan Ərdoğan ilk seçkilərdə 34 faiz səs alaraq təkbaşına hökumət qurmuş və ardınca parlament onun üzərindən siyasət qadağasını götürmüş və Ərdoğan Türkiyənin baş naziri seçilmişdi. İndi isə İmran Xan eyni yolu gedir. Görəsən İmran Xan Paskitanın Ərdoğanı ola biləcəkmi?

Digər xəbərlər