ABŞ Yaxın Şərqdə yeni müharibə fitilini alovlayacaqmı?

  • 01.02.2024
  • 81 baxış

Xəbər verildiyi kimi. bu gecə ABŞ ordusunun İordaniyanın şimal-şərqində, Suriya ilə sərhəddə yerləşən “Qüllə-22” (Tower 22) hərbi bazasına PUA-larla hücum edilib. Nəticədə ABŞ ordusunun 3 hərbçisi ölüb, 34 nəfər isə yaralanıb. 

Hərbi baza Suriya ilə sərhəddə, ABŞ-ın ət-Tənf hərbi bazasının yerləşdiyi və müxaliflərin nəzarəti altındakı rayonun qarşı hissəsində baş verib. ABŞ prezidenti hücumun İranın dəstəklədiyi (Proxy) qruplar tərəfindən törədildiyini elan edib və lazımı anda lazımı cavabın veriləcəyini bildirib. 

Qeyd edək ki, Həmasın İsrailə hücum etdiyi 7 oktyabrından bu yana İraq və Suriya ərazisindəki yerləşən ABŞ hərbi bazalarına silahlı qruplar tərəfindən 175 dəfə hücum həyata keçirilib. Ancaq maraqlıdır ki, indiyə qədər bu hücumlar nəticəsində ABŞ ordusu itki verməyib. yalnız Suriya ərazisindəki bazaya hücum zamanı 3 nəfər yaralanıb. Ancaq bu dəfəki hücum şiddətli olub və maraqlıdır ki, hədəf alınan baza Suriyada deyil, İordaniya ərazisində olub. 

İndi nəzərlər ABŞ-a çevrilib, Vaşinqton necə reaksiya verəcək? Artıq 3 ABŞ senatoru hökuməti İrana ağır zərbələr endirməyə çağırıb. Öz növbəsində İran da XİN hücumda Tehranın əli olduğu iddialarını təkzib edib. 

Vaşinqton bu hücuma cavab formaları ilə bağlı bir neçə mümkün ssenari var. Birincisi, ABŞ fürsətdən istifadə edib İrana ağır zərbələr endirir. Bunu İsrail də istəyir. İkincisi, ABŞ hücumu həyata keçirən qrup və ya İranın Suriyadakı qüvvələrinə zərbələr endirəcək. 

ABŞ istənilən halda bu hücumlara sərt cavab verməlidir. Çünki 3 hərbçisini itirib və Vaşinqton buna sərt cavab verməsə regionda etibarı sarsıla bilər. Lakin bu hücumu əsas gətirib İrana hücum etmək hazırkı şəraitdə ABŞ-ın maraqlarına cavab vermir. Çünki belə bir cavab ABŞ-ın İranla böyük müharibəyə, ya da başqa deyimlə növbəti Yaxın Şərq “bataqlığına” çəkə bilər. Bu isə ABŞ-ın hazırda prioriteti olan Çin və Rusiya ilə mübarizəsini arxa plana atar və Vaşinqtonu Yaxın Şərqdə dibi görünməyən bir müharibə bataqlığına çəkə bilər. Üstəlik nəzərə almaq lazımdır ki, bu il ABŞ-a seçkilər olacaq. 

İkinci ehtimal İrana məxsus hərbi obyektlərin vurulmasıdır. Güman ki, ABŞ regionda İrana məxsus hərbi qüvvələrə ağır zərbə endirəcək. Bununla həm İordaniyadakı bazaya hücumun cavab verilə, həm də İranın hərbi imkanlarını ciddi zədələyə bilər. 

Lakin aydın məsələdir ki, Vaşinqton regionda etibarını qorumaq, müttəfiqlərini rahatlaşdırmaq üçün bu dəfə daha ağır və sarsıdıcı zərbə vurmalı olacaq. Bu isə daha dəqiq hesablama və planlama tələb edir. Çünki bu zərbələr regionda vəziyyətin nəzarətdən çıxmasına səbəb olmamalıdır.  Güman ki, prezident Bayden “uyğun zamanda və şəkildə” cavab veriləcəyini deyərək müdafiə naziri Ostini işarə elədi.

Digər xəbərlər