Vaşinqton Yaxın Şərqdə müharibəyə sürüklənir

  • 25.01.2024
  • 112 baxış

ABŞ və Böyük Britaniya bu gecə növbəti dəfə Yəməndə husilərə məxsus obyektlərə hava zərbələri endirib. Bununla bağlı yayılan açıqlamada qeyd olunur ki, koalisiya qüvvələri Qırmızı dənizdə ticarət gəmilərinə hücumda istifadə olunan raket qurğuları, radarlar və digər hərbi təyinatlı obyektləri vurub. 

Bu, ABŞ və Britaniyanın Yəmən husilərinə qarşı sayca 9-cu zərbəsi olub. Yeri gəlmişkən, artıq rəsmən Aİ ölkələri də husilərə qarşı koalisiyaya qoşulub. 

Qeyd edək ki, iki gün əvvəl husilər Ədən körfəzində ABŞ-a məxsus daha bir yük gəmisini raketlə vurublar. Ümumilikdə husilər oktyabrın 31-dən bu yana Qırmızı dənizdən keçən və İsrailə yük aparan bütün gəmiləri hədəfə alacaqlarını bəyan ediblər və bu günə qədər onlarla gəmini atəşə tutublar. ABŞ ordusu yavarın 23-də və 25-də husi hədəflərini vurub.  

Belə görünür ki, Vaşinqtonun husilərə hava zərbəsi qərarı növbəti gəmi hücumuna cavab olub. Çünki hər dəfə zərbələrdən sonra husilər yenidən ticarət gəmiləri və müttəfiqlərin hərbi gəmilərini hədəfə alır. Başqa sözlə, Yəmən husiləri Vaşinqtonu Qırmızı dənizdə yeni müharibə macərasına sürükləyir. ABŞ və İsrailə məxsus gəmilər atəşə tutulduqca ABŞ ordusunun cavab verməsi qaçılmaz olur. Bu isə o deməkdir ki, Vaşinqton Yəmən ətrafına yeni qüvvələr cəlb etməyə məcbur olacaq. 

Oxşar vəziyyət İraq və Suriyada da müşahidə olunur. ABŞ hökumət mənbələri Pentaqonun İraq və Suriyaya əlavə dəstək qüvvələri göndərməyə hazırlaşdığı haqda xəbər yayıb. Çünki son həftələrdə artan raket və PUA hücumları qarşısında ABŞ-ın İraq və Suriyadakı qüvvələri yetərsiz qalır, təxminən 5 min nəfərə yaxın hərbi qüvvə artan partizan hücumları qarşısında uzun zaman tab gətirə bilməyəcək. 

Yeri gəlmişkən, yanvarın 25-də ərəb mediası ABŞ hökumətinin İraqdakı hərbi qüvvələrini bu ölkədən çıxarmaq üçün Bağdadla danışıqlara başlayacağı haqda xəbər yayıb. Hətta bildirilir ki, ABŞ-ın İraqdakı səfiri Alina Romanovski İraq XİN-nə bununla bağlı Vaşinqtondan göndərilmiş məktub təqdim edib.

Belə görünür ki, ABŞ istəmədən Yaxın Şərqdə münaqişəyə cəlb olunur. Özü də bir ölkədə deyil, bir neçə ölkədə. Bu isə seçkilər öncəsi Vaşinqton üçün əlavə ağır yükdür. Vaşinqton daha güclü hərbi koalisiya formalaşdırıb (ABŞ bir qayda olaraq bu cür regional əməliyyatları koalisiya vasitəsilə edir – red.) münaqişə ocaqları güc vasitəsilə söndürməli, ya da geri çəkilməlidir. Bu isə məğlubiyyət olardı. Başqa sözlə, ABŞ Yaxın Şərqdə istəmədən müharibəyə sürüklənir. 

ABŞ hökuməti isə qarşıdrumalardan yayınmaq üçün İraqdakı qüvvələrini çıxarmaq, yaxud da ən azı belə bir görüntü yaratmaq üçün Bağdadla danışıqlara başlayıb. Çünki son həftələrdə ABŞ və İraqdakı silahlı qruplar arasında toqquşmalar sürətli şəkildə artmağa başlayıb. Bu isə yaxşı heç nə vəd etmir. Bu səbəbdən ən azı seçkilərə qədər gərginliyi yumşaltmaq üçün ABŞ bu danışıqları başlatmağa çalışır.

Maraqlıdır ki, Suriyada da oxşar vəziyyət yaranıb. Belə ki, Al-Monitor nəşri Vaşinqtondakı mənbələrə istinadən ABŞ-ın Suriyanın şimalındakı kürd özünüidarə qurumu olan Suriya Demokratik Qüvvələrinə Bəşər Əsədlə danışıqlar təklif etdiyini yazıb. Bu faktiki olaraq Vaşintonun Suriyada siyasətinin dəyişməsidir. Belə görünür ki, Vaşinqton İran proxy qüvvələrinin artan hücumları qarşısında siyasi manevr edir. Yuxarıda da qeyd etdiyimiz kimi, Vaşinqton İraqdan qüvvələrini tamamilə çıxarmasa belə, ən azı seçkilərə qədər belə bir görüntü yaratmağa çalışacaq. 

Digər xəbərlər